12 dekabr 2024,

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanda gələcək fəaliyyət prioritetləri, Bankın dəstəyi ilə ölkəmizdə yaşıl enerji və infrastrukturun inkişafı üzrə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. 

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində  Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti Cin Liqun ilə görüşüb.

Nazir Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına verdiyi dəstək qeyd olunub. Dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.

AİİB-nin prezidenti Cin Liqun təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əlaqələrini qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-nin Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən, yaşıl enerji və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.