03 oktyabr 2024,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında

 

İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılıb, ümumi inkişafa xidmət edən qurumlar yaradılıb. Ulu öndər Heydər Əliyevin 2001-ci il 30 aprel tarixli Fərmanına əsasən Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi,  Dövlət Antiinhisar Siyasəti, Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib, onların bazasında Azərbaycan Respublikasının  İqtisadi İnkişaf Nazirliyi yaradılıb.

Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyi, Ticarət Nazirliyi,  Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ləğv edilərək onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 10 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 14 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq olunub.

İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, iqtisadiyyatın struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, istehlak bazarında qiymətlərə nəzarət, dövlət satınalmaları, xarici ticarət əlaqələri, sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.