22 dekabr 2024,

Azad edilmiş ərazilərimizdə biznes imkanlarına dair panel müzakirələr keçirilib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir çərçivəsində biznes və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə panel müzakirələr təşkil olunub.  

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbir panel müzakirələrlə davam edib.

“İşğaldan azad edilmiş ərazilərdə güzəşt və azadolmalar, dəstək tədbirləri” mövzusunda paneldə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq üçün təqdim edilən güzəşt və dəstək tədbirləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, regionda fəaliyyət göstərən sahibkarlar mənfəət (gəlir), torpaq və əmlak  vergisindən azad olunurlar, ərazidə fəaliyyət göstərən biznes subyektləri üçün kommunal xidmətlər üzrə xüsusi güzəştlər tətbiq edilir. Biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilməsi, həmin kreditlərin 10 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması sahibkarların maliyyə resurslarına daha asan çıxış əldə etməsi baxımından önəm kəsb edir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları isə effektiv biznes qurulmasına mühüm imkanlar açır. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində azad edilmiş ərazilərdə layihələrin uğurla həyata keçirilməsi üçün geniş potensial var.

“İşğaldan azad edilmiş ərazilərdə sahibkarların rolu” mövzusunda paneldə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Brightman Business Management Consultants” MMC-nin direktoru Afət Əhmədova, "Tabaterra" QSC-nin direktoru Elman Cavanşir, "NEQSOL Holding"in baş icraçı direktorunun müavini İsrail Asəliyev tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan prioritet layihələr, Qarabağın iqtisadi dirçəlişində fəal biznes təşəbbüslərinin önəmi, uğurlu biznes ideyaları və təcrübələri barədə fikirlərini bölüşüblər. Biznes nümayəndələri yaradılmış əlverişli işgüzar mühitə, sahibkarlara çoxtərəfli və davamlı dəstəyə görə dövlət başçısına təşəkkürlərini bildirib, regionda özəl sektorun genişlənməsi məqsədilə fəal təşəbbüslərlə çıxış etmək istəklərini ifadə ediblər.

Hər iki panel üzrə müzakirələr bitdikdən sonra sahibkarların sualları cavablandırılıb, eləcə də G2B görüşlər təşkil olunub.

Tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti quran “VELİEV” MMC-nin təsisçisi Əjdər Vəliyev, ⁠“Qoç Ət” MMC-nin təsisçisi Sənan Təhməzov, “BAFCO İnvest” MMC-nin təsisçisi ⁠Emin Məmmədov, “Eel Electric” MMC-nin təsisçisi Bəxtiyar  Hüseynov təmsilçiləri olduqları sahibkarlıq subyektlərinin Qarabağda biznes qurarkən keçdikləri yol haqqında söhbət açıblar. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2024-cü il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.