“Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi ilə bağlı seminar-təlim keçirilib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqinə dair dövlət satınalan təşkilatları və sahibkarlar üçün seminar-təlim keçirilib.
Təlimin məqsədi satınalan təşkilatları və sahibkarları dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadə, şəffaflıq və intizamlılıq səviyyəsini artırmaq, yeni qanunun tətbiqinin müsbət tərəfləri haqqında maarifləndirməkdir.
Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, ölkəmizdə dövlət satınalmaları sahəsi iqtisadiyyatın əsas sütunlarından biridir. Bu məqsədlə satınalma qaydalarına edilən dəyişikliklər, elektron satınalma sistemi və bu kimi digər mexanizmlər şəffaflıq və hesabatlılığın daha yüksək səviyyədə olmasına hesablanıb. Bu il Naxçıvanda dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nda müsabiqələrin həyata keçirilməsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda fəal iştirakına zəmin yaradıb. Cari ilin ötən dövrü ərzində dövlət satınalmalarından istifadəyə dair ali dövlət orqanları, satınalan dövlət müəssisə və təşkilatları, podratçı hüquqi və fiziki şəxslər tərəfindən, ümumilikdə, 1201 müraciət daxil olub.
Qeyd edilib ki, satınalan təşkilatlar tərəfindən satınalmalarla bağlı təqdim olunmuş məlumatlara əsasən 2023-cü ilin ötən dövrü ərzində dövlət vəsaitləri hesabına 27 milyon 817 min 255 manat məbləğində 401 satınalma proseduru keçirilib ki, bunun 265-i kotirovka sorğusu, 125-i açıq tender, 11-i isə təkliflər sorğusunun yekununa dair protokollardır. Cari ilin ötən dövrü ərzində müsabiqə metodları ilə keçirilmiş satınalmalar zamanı satınalma predmetinin ehtimal olunan qiymətinin 4 milyon 508 min 205 manatına və ya 16,2 faizinə qənaət edilib. Qənaətin 3 milyon 883 min 564 manatı və ya 86,1 faizi açıq tender üsulu ilə, 12 min 471 manatı və ya 0,3 faizi təkliflər sorğusu üsulu ilə, 612 min 170 manatı və ya 13,6 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.
Vurğulanıb ki, dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə 2023-cü ilin ötən dövrü ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən muxtar respublikada 250-yə yaxın dövlət müəssisə və təşkilatlarının, sahibkarlıq subyektlərinin iştirakı ilə 2 təlim keçirilib. Təlimlərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keçirilən müsabiqələrdə bərabər rəqabət mühitinin yaradılması, satınalmalar zamanı dövlət vəsaitinin qənaətlə və səmərəli istifadə edilməsi, həmçinin satınalma müqaviləsinin icrasını təmin etmək üçün satınalmaların təşkili və keçirilməsi zamanı sahibkarın müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması kimi meyarların nəzərə alınması barədə zəruri məqamlar diqqətə çatdırılıb.
Sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında AİBNDX-də Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında AİBNDX-nin aparat rəhbəri Tural İsmayılovun təqdimatlarında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi mövzusunda təlimlər keçirilib. Təlimlər diskussiya şəklində aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında AİBNDX-də Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov təlimin əhəmiyyəti haqqında fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb: – Məlum olduğu kimi, cari ilin iyul ayında “Dövlət satınalmaları haqqında” yeni Qanun qəbul edilib. 1 yanvar 2024-cü il tarixdən həmin qanunun tətbiqinə başlanılacaq. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında AİBNDX respublikamızın bütün satınalan təşkilatları, eyni zamanda sahibkarlar üçün yeni qanunun tətbiqi istiqamətində maarifləndirmə tədbirləri həyata keçirməkdədir. Bu gün isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın dövlət satınalan təşkilatlarının aidiyyəti mütəxəssisləri üçün seminar-təlim təşkil olunub. Düşünürük ki, bu seminardan sonra satınalan təşkilatlar üçün yeni qanunun tətbiqi daha da rahat olacaq və onların bu sahədə bilik-bacarıqlarının artırılması məqsədilə bu istiqamətdə fəaliyyətimiz bundan sonra da davam edəcək.
Əhməd Həsənov onu da qeyd edib ki, “Dövlət satınalmaları haqqında” yeni Qanun sahibkarların dövlət satınalmalarına əlçatanlığını daha da artıracaq, sağlam rəqabət mühitini təmin edəcək. Bunun da nəticəsində dövlət qurumları daha şəffaf mühitdə, sağlam rəqabətdə səmərəli qiymətlərlə mal, iş xidmətlərini almış olacaqlar.