22 dekabr 2024,

İqtisadiyyat naziri Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster ilə görüşündə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədi üzrə təqdimat olub, Azərbaycanın inkişaf prioritetləri, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə görüşüb.

Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb. 

Görüşdə Dünya Bankı Qrupu  tərəfindən hazırlanacaq qısa və uzunmüddətli perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcəkdir.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un ölkəmizdə  təşkili barədə müzakirələr aparılıb.