İqtisadiyyat naziri Kazım Hüseynəliyev: Kənd təsərrüfatı dayanıqlı iqtisadi inkişafın vacib komponentidir
Kənd təsərrüfatı təkcə ərzaq təminatının əsası deyil, həm də dayanıqlı iqtisadi inkişafın vacib komponentidir. Bu məqsədlə 2024-cü ildə muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə banklar və kredit təşkilatları tərəfindən kredit ayrılması həyata keçirilib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Orqanik Və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I Respublika Elmi Konfransında çıxışı zamanı səsləndirib.
Nazir qeyd edib ki, 2023–2024-cü illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 63 layihə, 2025-ci ilin ötən dövründə isə 48 layihə güzəştli şərtlərlə maliyyələşdirilib.
Naxçıvanın təbii şəraiti və torpaq resursları müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir. Muxtar Respublika həmçinin çərəz məhsulları ilə də tanınır. Eyni zamanda orqanik heyvan məhsullarına da bazarda tələbat mövcuddur. İtburnu, kəklikotu və digərləri də orqanik məhsul kimi potensiala malikdir.
Yerli xammaldan istifadə edən qablaşdırma müəssisələri iqtisadi artıma və ekoloji tarazlığa töhfə verir. Nazir bildirib ki, kənd təsərrüfatında davamlılıq üçün infrastruktur – xüsusilə soyuducu anbarlar və istixana komplekslərinin mövcudluğu vacibdir. Ötən dövrdə bu istiqamətdə də güzəştli maliyyələşmə davam etdirilib.
Kazım Hüseynəliyev: Sahibkarlar kənd təsərrüfatı sahəsində inkişafın lokomotividir
Kənd təsərrüfatı ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsas prioritet sahələrdəndir.
Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Orqanik Və Dayanıqlı Kənd Təsərrüfatı: Ekoloji tarazlıq və davamlı inkişaf” mövzusunda I Respublika Elmi Konfransında çıxışı zamanı bildirib.
“2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun əhəmiyyətli hissəsi özəl sektorun payına düşüb və sahibkarlar iqtisadi inkişafın lokomotivi kimi çıxış edirlər. Kənd təsərrüfatı sahəsində də kiçik və orta sahibkarlığın rolu önəmlidir” – deyə Kazım Hüseynəliyev əlavə edib.