22 dekabr 2024,

Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib

Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, 2024-cü il üçün Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 173 105 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 20 883 000 manat və ya 13,7 faiz çoxdur.

2024-cü ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası dövlət büdcəsindən 343 260 000 manat dotasiya ayrılması nəzərdə tutulur. Dotasiya büdcə xərclərinin 66,5 faizini təşkil etməklə 2023-cü ilin büdcəsi ilə müqayisədə 109 531 000 manat və ya 24,2 faiz az nəzərdə tutulur. 2024-cü ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 516 365 000 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcəsi ilə müqayisədə 88 648 000 manat və ya 14,7 faiz azdır. İqtisadi təsnifata uyğun olaraq 2024-cü il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsində əməyin ödənişinə 328 080 074 manat və ya xərclərin 63,5 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 82 498 379 manat və ya xərclərin 16 faizi həcmində, subsidiyaların ödənilməsinə 32 306 544 manat və ya xərclərin 6,3 faizi həcmində, qrantlar və digər ödənişlərə 9 969 756 manat və ya xərclərin 1,9 faizi həcmində, sosial ödənişlərə 5 838197 manat və ya xərclərin 1,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 57 672 050 manat və ya xərclərin 11,2 faizi həcmində vəsait proqnozlaşdırılır.

Sonra Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini-nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılovun, İqtisadiyyat naziri Tapdıq Əliyevin, Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılovun, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Ceyhun Cəlilovun müzakirə ətrafında çıxışları dinlənilib.