Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev Xalq qəzetinə müsahibə verib
Naxçıvanda yüksəlişin yeni mərhələsinin önəmli hədəfləri və ilk uğurları
Naxçıvan ölkəmizin ərazisində ən qədim və davamlı yaşayış məskəni, Azərbaycan dövlətçiliyi tarixində önəmli rolu və mövqeyi olmuş diyar kimi tanınır. Tarixin bütün dövrlərində yadelli hücumlara qarşı mübarizədə, yabançı təsirlərin qarşısının alınmasında bu torpağın oğulları qeyrət və dirəniş göstəriblər. Rusiya imperiyası zəifləmiş Qacarlar dövlətindən Azərbaycanın quzeyini qoparanda Naxçıvan İrəvanla birlikdə 15 il dözüş gətirərək azadlığını qorumuşdu. Bir əsr sonra kommunist ideologiyası əsasında yenilənən qırmızı imperiya Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıb Naxçıvanı da oyuncaq quruma qatmaq istəyəndə də bu qeyrət qalası qətiyyətlə taleyini Azərbaycanla bağlamışdı.
Sovet imperiyasının çöküşü zamanı Ermənistan xaç dünyasındakı himayədarlarının köməyi ilə Qarabağ və Naxçıvanı ələ keçirmək uğrunda çoxillik savaş açanda da qədim Nuh yurdu hədsiz mərhumiyyətlərə dözüb düşmənlərin niyyətlərini gözlərində qoydu. O çətin illərdə ümummilli lider Heydər Əliyevin 1990–1993-cü illərdə Naxçıvandakı xilaskarlıq missiyası tarixə həm də Azərbaycanın dövlətçiliyinin bərpası üçün zəruri əsasların yaradılması ilə yazıldı.
Ulu öndər 1993-cü ilin böhranlı yayında müstəqilliyimizin taleyi təhlükədə olan zaman xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı dövrdə də Naxçıvanın qorunması və blokada şəraitində normal yaşaması üçün bütün tədbirləri həyata keçirdi. Son 21 ildə Naxçıvan Muxtar Respublikasının şəhər və kəndləri Ulu öndərin tövsiyə və vəsiyyətlərinə uyğun olaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı, dövlətin üstün himayəsi ilə simasını tamamilə dəyişib.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib.
Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradıb. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi yeni prioritetə çevrilib. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.
Hazırda Naxçıvan Muxtar Respublikasında mövcud iri müəssisələrin istehsal etdikləri məhsulların həm daxili bazarda satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində də lazımi dəstək tədbirləri həyata keçirilir. Bununla yanaşı, muxtar respublikanın zəngin təbii ehtiyatları və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndirilir.
Naxçıvan Muxtar Respublikasında enerji və ərzaq təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması energetika sektorunun inkişafını ləngitsə də, indi bu sahə yeni yüksəliş dövrünü yaşayır. Əvvəllər elektirk enerjisini kənardan alan Naxçıvan Muxtar Respublikası artıq enerji ixracatçısı kimi mövqeyini getdikcə artırır.
Qədim Naxçıvan diyarında Azərbaycana bağlı muxtariyyət yaradılmasının 100-cü ildönümündə gələcək inkişafın yeni konturları cızılır, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq olunmmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı növbəti 5 il üçün əsl fəaliyyət proqramı kimi qəbul edilir. Belə ki, yeni proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə açıq olması sürətlə dəyişən dünyanın innovativ tələblərinə inteqrasiyasını da hamı üçün əlçatan edir.
Müasir çağırışlara uyğunluğu nəzərə alınaraq hazırlanmış bu mühüm dövlət sənədi muxtar respublikaya daha yaxşı günlər vəd edir. Bir sözlə, Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı insanlarda Naxçıvanın sabahına inamını bir qədər də möhkəmləndirir, onları qurub-yaratmağa ruhlandırır. İndi muxtar respublikada böyükdən kiçiyə hamı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına, doğma diyarın inkişafına öz töhfəsini verməyə çalışır. Bu da Naxçıvan şəhərinin, eləcə də muxtar respublikanın digər yaşayış məskənlərinin daha parlaq, bundan da gözəl gələcəyinə ümidləri artırır.
Bir məsələni də qeyd edək ki, Naxçıvanın yerli icra qurumlarının ölkə mərkəzi ilə əlaqəsindəki bir sıra süni maneələr dövlət proqramının sürət və keyfiyyətlə icra olunmasına əngəllər törədir. Naxçıvandan göndərilmiş layihələrin ekspertiza və tenderdən keçirilməsi əsassız olaraq aylarla gecikdirilir. Yerli imkan və təşəbbüslərin lazımınca dəstəklənməməsi də dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə icrasına mane olur.
Bütün bunlara baxmayaraq, muxtar respublika həyatın bütün sahələrində cari ili uğurlarla yola salmağa hazırlaşır. Bugünlərdə Naxçıvana ezamiyyə zamanı ayrı-ayrı sahələrdə daha yüksək nəticələr əldə etmiş qurumların illik hesabatlarını yığcam şəkildə təqdim edirik.
Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini:
– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı” üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan Naxçıvan şəhəri, Şərur, Babək və Ordubad rayonlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi məqsədilə 2023-cü ildən başlayaraq 4 Xidmət Mərkəzi vaxtından əvvəl qurularaq vergi ödəyicilərinin və vətəndaşların istifadəsinə verilib. Bundan başqa, Təfsilatlı Tədbirlər Planına əsasən, dövlət satınalmaların vahid internet portalına inteqrasiyası, həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətində dövlət əmlakının reyestr proqram təminatı qurularaq inteqrasiya gerçəkləşdirilib. Dövlət Proqramında nəzərdə tutulmuş Şərur Sənaye Məhəlləsinin sənədləşdirmə işləri də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi ilə başa çatmaq üzrədir.
Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin yaradılması təşviq edilib, cari ilin 11 ayı ərzində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı yönümlü və emalı təyinatlı 56 layihəyə 3 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 157 nömrəli Sərəncamı ilə “İnvest in Nakhchivan” veb-səhifəsinin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə 2024-cü ilin ötən dövrü ərzində tender elan olunub, qalib müəyyən edilmiş “GUYS” MMC ilə 9 min 390 manat məbləğində satınalma müqaviləsi bağlanılıb və veb-səhifənin hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir.
Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin digər icraçı olduğu bəndlər üzrə də işlər davam etdirilib, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Orqanik Naxçıvan” Publik Hüquqi Şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterlərin yaradılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, güzəştli mənzil tikintisi üçün dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid ərazinin planı hazırlanıb və dövlət reyestrindən çıxarış verilib. Bununla yanaşı, Ordubad şəhərinin qədim məhəllələrinin, eləcə də yaradılacaq Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi ərazinin xəritəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Təfsilatlı Tədbirlər Planında sənaye parkının yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətləri çərçivəsində ərazilər təklif edilib. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsində Naxçıvan Sənaye Parkının yaradılması haqqında 5 dekabr 2024-cü il tarixli Fərman imzalanıb.
Bu park muxtar respublikada sahibkarlığın inkişafı üçün müasir texnologiyaların tətbiq olunacağı, rəqabətqabiliyyətli məhsul istehsalına yönələn müasir bir mərkəz olacaq. Parkın fəaliyyətinin təşkili, inkişafı və digər tərdbirlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.
Fərmanda da qeyd olunduğu kimi, Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili üçün ərazinin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunurlar. Həmçinin istehsal üçün gətirilən texnika və avadanlıqlara 10 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumu tətbiq edilmir.
Ölkənin digər bölgələrində yaradılan sənaye parkları kimi, Naxçıvan Sənaye Parkı da Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın iqtisadiyyatına, o cümlədən ölkəmizin iqtisadiyyatına öz töhfəsini verəcək.
Bu Fərman möhtərəm cənab Prezidentin Naxçıvana göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.