“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
4. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
5. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adlandırılsın.
6. “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
7. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 554 ştat vahidi olmaqla, Nazirliyin aparatı üzrə 103 ştat vahidi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 271 ştat vahidi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 107 ştat vahidi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə 73 ştat vahidi müəyyən edilsin.
8. Müəyyən edilsin ki:
8.1. bu Fərmanın 3-cü, 4-cü və 6-cı hissələri ilə əsasnamələri təsdiq edilən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir;
8.2. bu Fərmanın 3-cü, 4-cü və 6-cı hissələri ilə əsasnamələri təsdiq edilən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin yeni strukturu və strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənə qədər Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətlərini davam etdirirlər və onların strukturu, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 11.1–11.3-cü bəndləri icra olunanadək dəyişməz qalır.
9. “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və “Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 7 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 iyun tarixli 23-VI FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 27 aprel tarixli 164-VI FR nömrəli Fərmanının 1-ci və 2-ci hissələri ləğv edilsin.
10. “Naxçıvan Muxtar Respublikasının bəzi mərkəzi icra hakimiyyəti orqanlarının yenidən təşkil edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 7 yanvar tarixli 196-V FR nömrəli Fərmanı ilə yaradılmış mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 iyun tarixli 23-VI FR nömrəli Fərmanının 2-ci, 3-cü, 5-ci, 6-cı və 7-ci hissələri ləğv edilsin.
11. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
11.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;
11.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
11.3. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla təsdiq etsin;
11.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;
11.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
12. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
13. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Anar İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin müavini:
Naxçıvan şəhəri, 29 dekabr 2023-cü il