Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yeni strukturla fəaliyyətə başlayıb
Naxçıvan Muxtar Respublikasının davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatlarının dərinləşdirilməsi müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin əsasnaməsinin və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Sözügedən Fərmanda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və tabeli xidmətlərin (Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti) strukturu, əsasnaməsi və işçilərinin say həddi ilə bağlı 2 ay müddət müəyyən edilib. Bu istiqamətdə işlər 29 fevral 2024-cü il tarixdə yekunlaşdırılıb. İqtisadiyyat Nazirliyi mart ayının 1-dən yeni strukturla fəaliyyətə başlayıb.
Bir sıra funksiyaların İqtisadiyyat Nazirliyində birləşdirilməsi muxtar respublikanın iqtisadi rəqabət qabiliyyətini yeni mərhələyə çıxaracaq, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid edilmiş sahələrdə vəzifələr daha keyfiyyətli şəkildə yerinə yetiriləcək.