22 dekabr 2024,

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayı ərzində gördüyü işlərə dair hesabat

17 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 6 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim etmişdir. Nazir müavini tərəfindən 2024-cü il üzrə müəyyən olunmuş hədəflər açıqlanmışdır. Həmin hədəflərin yerinə yetirilməsi nəticəsində cari ilin 6 ayında görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilmişdir.

Xüsusilə vurğulanmışdır ki, Naxçıvanda əlverişli biznes mühiti yaranmış, müasir vergi inzibatçılığı tətbiq edilmiş, elektron xidmətlərin əhatə dairəsi genişləndirilmiş, əmlak məsələlərində şəffaflığın təmin edilməsi, güzəştli maliyyə resurslarına əlçatanlığın təmin edilməsi istiqamətində addımlar atılmış, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətində müasir inzibatçılıq tətbiq edilmişdir.

Naxçıvanda özəl sektora dəstək davam etdirilir

2024-cü ilin 6 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 46 lisenziya verilib, büdcəyə 19,6 min manat vəsait ödənilib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 1447 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ili müqayisədə 8,4 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2 dəfə artıb.

Naxçıvanda sahibkarlara çağırış edilib

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2024-cü ilin 6 ayında maliyyələşdirilmiş kreditlər sənaye və aqrar sektoru əhatə etmişdir. Vaxtı keçmiş kredit borclarının geri qaytarılması təmin edilmiş, hesabat dövründə 10,1 mln. manat geri qaytarılmışdır. Nəticədə, Fondun hesab qalığı 2,4 dəfə artaraq 16,1 mln. manat təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlara çağırış edərək real sektora və Fondun prioritetlərinə aid layihələrin Fondun güzəştli vəsaitləri hesabına maliyyələşmədən yararlanmağa dəvət etmişdir.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi media ilə sıx əməkdaşlıq edir

2024-cü ilin 6 ayında Nazirliyin fəaliyyətinə dair 1379-u elektron mediada olmaqla, kütləvi informasiya vasitələrində 1489 material dərc olunmuşdur. O cümlədən, Dövlət Vergi Xidməti üzrə 941-i elektron mediada olmaqla, KİV-də 983 material, Əmlak Məsələləri Dövlət Xidməti üzrə 226-sı elektron mediada olmaqla, KİV-də 233 material, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə 104-ü elektron mediada olmaqla, KİV-də 109 material təşkil etmişdir.

“Dövlət Proqramı”nın bu bəndi vaxtından əvvəl tam icra edilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədi ilə Naxçıvan, Şərur, Ordubad və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Dövlət proqramının bu bəndinin icarsına uyğun olaraq Naxçıvan, Şərur və Ordubad şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilmişdir. Babək şəhərində qurulan xidmət mərkəzi isə istismara tam hazırdır.

Sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2023-cü ildə 95 faiz təşkil etmiş, 2024-cü ilin 1-ci rübündə isə 99 faizə qədər artmışdır. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,4 faiz təşkil edib. Bununla da dövlət proqramının bu bəndi vaxtından əvvəl tam icra edilib.

Naxçıvanda yumşaq keçid tətbiq edilmişdir

2022-ci illə müqayisədə 2023-cü ildə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb.

2024-cü ilin aprel-iyun ayları ərzində keçirilmiş nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 0,8 faizini təşkil edib.

Naxçıvanda kommersiya hüquqi şəxslərin 61 %-i elektron qaydada qeydiyyata alınıb

2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3.567 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 3.404-ü fiziki şəxslər, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.

Cari ilin 6 ayında yeni qeydiyyatdan keçmiş 163 hüquqi şəxsin 100-ü və ya 61 faizi elektron qaydada uçota alınıb.

2023-cü ildə yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı isə 579 olub ki, bu da 2022-ci illə müqayisədə 8,5 dəfə çoxdur. 2023-cü ildə hüquqi şəxslərin 66  faizi elektron qaydada qeydiyyata alınmışdır.

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 48,3 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı 1 yanvar 2023-cü illə  müqayisədə 48,3 faiz artaraq 18.841, ƏDV ödəyicilərinin sayı isə 66,2 faiz artaraq 630 təşkil edib.

1 iyul 2024-cü il tarixinə qeydiyyatda olan obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 1 yanvar 2023-cü illə müqayisədə 29,9 faiz artaraq 6538-ə çatıb.

Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kameral yoxlamaların keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olub ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cari ilin eyni dövrü ilə müqayisədə hesablanmış kameral məbləği  3.621 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı   3,8  dəfə artıb

Muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 iyul 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,8 dəfə və ya 8.647 vahid artaraq 11.706 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,8 dəfə və ya 5320 vahid artıb.

Naxçıvanda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar artıb

2024-cü ilin 6 ayında qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 milyon manat və ya  23,4 faiz artıb.

2022-ci illə müqayisədə 2023-cü ildə qeyri-dövlət sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya  31,1 faiz artıb.

 Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin 1-ci rübündə qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon manat və ya 11 faiz artıb. 2022-ci illə müqayisədə 2023-cü ildə isə əməkhaqqı fondu 22,6 milyon manat və ya 41 faiz artıq olmuşdur.

Naxçıvanda vergi daxilolmaları üzrə proqnozda ciddi artım olub

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə 2024-cü il üçün müəyyən olunmuş proqnoz 2023-cü illə müqayisədə 17,1 milyon manat və ya 11,6 faiz çoxdur. 2022-ci illə müqayisədə isə 2024-cü ilin proqnozu 51,2 milyon manat və ya  45,3 faiz çoxdur.

Naxçıvanda vergi daxilolmaları 27,9 faiz artıb

2024-cü ilin yanvar - iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 97,2 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 27,9 faiz və ya 21,2 milyon manat çoxdur.

Cari ilin 6 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 118,5 faiz icra edilib.

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb

2024-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 milyon manat və ya 6,3 faiz artıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,1 milyon manata yaxın olub.

Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 19,7 faiz artıb və 13,5 milyon manat təşkil edib.

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2,5 dəfə artıb

1 iyun 2024-cü il tarixədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. 2024-cü ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.

Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 2,3 dəfə artıb

1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində online yeni nəsil NKA-ların sayı 2.738 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 65,2 dəfə çoxdur. 2024-cü ilin yanvar – iyun ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 191,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 108,1 milyon manat və ya 2,3 dəfə çoxdur.

Naxçıvanda akitv POS-terminalların sayı 3,6 dəfə artıb

1 iyul 2024-cü il tarixə muxtar respublika ərazisində aktiv POS-terminalların sayı  1960 ədəd olub ki, bu da 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur. 2024-cü ilin yanvar – may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çoxdur.

Naxçıvanda yeni daşınmaz əmlak obyektlərinin sayı artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində ünvan reyestrinin aparılması sahəsində yeniliklərin tətbiqinə başlanıb.

Muxtar Respublikada Ünvan Reyestri İnformasiya Sisteminə qoşulma təmin olunub və ilkin ünvan məlumatları sistemə daxil edilib. 2024-cü ilin ötən dövrü ərzində muxtar respublikada yeni yaranmış 476 daşınmaz əmlak obyektinə ünvan verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,3 faiz çoxdur.

Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlər elektronlaşdırılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələri üzərində kadastr əməliyyatlarının aparılması tam elektronlaşdırılıb, daşınmaz əmlakın qeydiyyatının Milli Qeydiyyat Sistemi vasitəsi ilə vahid sistem üzərindən elektron qaydada aparılması təmin edilib, ipoteka kağızı üzərində əməliyyatların vahid portal üzərindən elektron qaydada aparılmasına nail olunub.

Həmçinin, dövlət əmlakının registrinin vahid elektron platformaya keçirilməsi başa çatdırılıb, fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib. Ünvan Reyestri İnformasiya Sisteminə qoşulma təmin edilib, ünvan xəritələrinə dair ilkin məlumatlar sistemə daxil olunub.

Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib.

2024-cü ilin 6 ayında göstərilən xidmətlər üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 2438 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Naxçıvanda yeni rəqəmsal xəritələr hazırlanıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaqların uçotunun tam elektronlaşdırılması təmin edilib.

2024-cü ilin birinci yarısında 29 sifariş əsasında 75 müxtəlif məzmunlu xəritə, plan və sxemlər hazırlanaraq sifarişçilərə təhvil verilib. Muxtar respublikanın 157 yaşayış məntəqəsində 204 torpaq sahəsi və 94 qeyri-yaşayış binasının yerləşdiyi ərazilərin geodeziya ölçmələri aparılmaqla yerquruluşu planları hazırlanıb,

Babək rayonunun 5 yaşayış məntəqəsi üzrə yerquruluşu plana alma işləri başa çatdırılıb və rəqəmsal xəritələri tərtib olunub.

Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 7,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətlənib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatdırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Özəlləşdirmədən daxil olan vəsait isə ötən ilin 6 ayına nisbətdə 7,5 dəfə artaraq 161,6 min manatdan 1 milyon 215,9 min manata çatıb.

Muxtar respublikada dövlət əmlakının registri elektronlaşdırılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi sahəsində yeniliklərin tətbiqi diqqətdə saxlanılıb. Cari ilin mart ayından etibarən dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanıb. Ötən müddətdə 276 dövlət müəssisə və təşkilatının balansında olan 1637 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşınmaz dövlət əmlakının registrindən 59 çıxarış verilib.

400 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə daxil edilib.

Naxçıvanda 5 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublika üzrə 4922 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz, xidmət haqqı isə 22,6 faiz artıb.

 Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 2049-u torpaq sahəsi, 1743-ü fərdi yaşayış və bağ evi, 822-si mənzil, 81-i qeyri-yaşayış binası, 210-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 16-sı əmlak kompleksi kimi müəssisə olub.

Naxçıvanda hərracların əhatə dairəsi genişlənib

Muxtar respublikada özəlləşdirmənin hərraclar vasitəsilə həyata keçirilməsi geniş vüsət alıb. Müvafiq dövlət qurumları, bələdiyyələrlə müqavilələr bağlanıb, hərracların şəffaf və rəqabətli keçirilməsi təşkil olunub.

Cari ilin 6 ayı ərzində 5 qeyri-yaşayış obyekti, 15 torpaq sahəsi, 1 nəqliyyat vasitəsi və 1 faydalı qazıntı yatağı olmaqla 22 əmlakın hərracla satışı təşkil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur.

 Keçirilmiş hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə çox olub.

Naxçıvanda innovativ yenilik və xüsusi model olan elektron hərracın tətbiqi məqsədilə müasir infrastrukturun qurulması nəzərdə tutulub.

Naxçıvanda mənşə sertifikatlarının sayı artıb

Cari ilin yanvar-iyun aylarında sahibkarlara 166 mənşə sertifikatı verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz çoxdur. Verilmiş mənşə sertifikatlarından büdcəyə daxilolmalar da həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz artmışdır.

2024-cü ilin 6 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 1971 ədəd ölçmə vasitəsi yoxlanılmışdır ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.