22 dekabr 2024,

Naxçıvanda Dövlət Vergi Xidmətinin yenilənmiş saytının təqdimatı olub

Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yenilənmiş – ntaxes.gov.az saytının təqdimatı olub.

Tədbirdə Dövlət Vergi Xidmətinin bölmə rəisi Qəzənfər Bayramov saytın yenilənməsini zəruri edən amillərdən danışıb. Qeyd olunub ki, məlumatların əlçatanlığı baxımından veb saytın yaradılması vacib şərtlərdən biridir: "Dövlət Vergi Xidmətinin rəsmi internet saytının yenilənməsində əsas məqsəd istifadəçilərin rahatlığını təmin etmək və saytı müasir tələblərə uyğunlaşdırmaqdır. Bu baxımdan vergi ödəyicilərinin məlumatlandırılması və ictimaiyyətlə əlaqələr sahəsində əsas kommunikasiya vasitələrinin təkmilləşdirilməsi məqsədilə Xidmətin informasiya resursu yenilənərək AzStateNet şəbəkəsinə köçürülüb. Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu internet resursu Dövlət Vergi Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumatların və bu sahədə olan yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək".

Dövlət Vergi Xidmətinin bölmə rəisi bildirib ki, yeni internet saytında “Asan İmza” sertifikatının onlayn əldə olunması, elektron xidmətlər portalı, “bir pəncərə”, onlayn müraciət və əlaqə bölmələri, o cümlədən Xidmətin müxtəlif fəaliyyət istiqamətləri barədə press-relizlər, operativ məlumatlar və digər faydalı məlumatlar yerləşdirilib. Saytın mobil versiyası da yaradılıb.