Naxçıvanda əmlak sahəsində 2024-cü il üzrə göstəricilər açıqlanıb
Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23,5 faiz artıb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz artaraq 2,8 milyon manata yaxın olub.
Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 faiz çoxdur.
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 87,6 faiz artıb
2024-cü ildə dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub ki, bu da əvvəlkli illə müqayisədə 87,6 faiz çoxdur.
2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 3,6 faiz artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildə 11268 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2023-cü illə müqayisədə 3,6 faiz çoxdur.
Mülkiyyət hüquqları qeydiyyata alınmış əmlaklardan 4829-u torpaq sahəsi, 3985-i fərdi yaşayış, 2-si bağ evi, 1779-u mənzil, 193-ü qeyri yaşayış binası, 449-u qeyri-yaşayış sahəsi, 1-i çoxmərtəbəli yaşayış binası, 30-u əmlak kompleksidir.
Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən muxtar respublika büdcəsinə daxilolmalar 11,7% artaraq 1,2 milyon manatdan çox olub.
Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 5 dəfə artıb
2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 6489 elektron müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 4,8 dəfə çoxdur.
Elektron müraciətlərin 23 faizi hüquqi və fiziki şəxslər tərəfindən, 77 faizi notariat ofislərindən daxil olub.
Naxçıvanda hərrac və müsabiqələrdən büdcəyə daxilolmalar 4 dəfə artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi tərəfindən 2024-cü ildə 149 əmlak üzrə hərrac və müsabiqələr keçirilib.
2024-cü il ərzində dövlət əmlakının satışı üzrə keçirilən hərraclardan muxtar respublika büdcəsinə daxilolmalar 2023-cü illə müqayisədə 4 dəfə artaraq 1,4 milyon manat, bələdiyyə torpaqlarının satışı üzrə daxilolmalar isə 87,8 faiz artaraq 409,7 min manat olub.