22 dekabr 2024,

Naxçıvanda hərracların təşkilinə həsr olunmuş tədbir keçirilib

İyulun 9-da Naxçıvan Biznes Mərkəzində şəffaf və rəqabətli hərrac mövzusunda tədbir keçirilib. Tədbirə müvafiq dövlət qurumları və nazirliklərin nümayəndələri, eləcə də hərrac iştirakçıları qatılıblar.

Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov çıxış edərək bildirib ki, muxtar respublikada iqtisadi fəallığı gücləndirmək və yeni yanaşmalar tətbiq etməklə özəlləşdirmə prosedurlarının, hərraclar vasitəsilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların, torpaqların, qeyri-yaşayış sahələrinin icarəyə verilməsinin və satışının elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet kimi müəyyən edilib.

Diqqətə çatdırılıb ki, 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur.

Vurğulanıb ki, bu ilin yanvar-iyun ayları ərzində Naxçıvanda 22 hərrac keçirilib. Həmin hərraclarda 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağının satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur. Qeyd olunan müddət ərzində keçirilən hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

Cari ilin əvvəllərindən başlayaraq daşınmaz dövlət əmlakının icarəyə verilməsi sahəsində də mühüm tədbirlər həyata keçirilib. Bildirilir ki, yanvar-iyun ayları ərzində 59 yeni icarə müqaviləsi bağlanılıb. Həmin müqavilələrin 30-u qeyri- yaşayış, 29-u isə torpaq torpaq sahələrinə dair olub. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxil- olmalar ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz artıb. Ümumilikdə cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Bildirilib ki, 2024-cü ilin 6 ayı ərzində dövlət xidməti üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən,

 

dövlət qurumlarından 2 mindən artıq elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.

Sonra Abbas İsmayılov iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi hərraclarda fəal iştirak etməyə dəvət edib və hərracın işinə uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın rəis müavini, rəsi vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərrac" mövzusunda təqdimatla çıxış edib və hərracların keçirilməsi qaydaları, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əmlakların, özəlləşdirilməsi, icarəsi, satışı, hərraclarda iştirak, elektron hərrac və digər zəruri məlumatları iştirakçılara çatdırıb.

Sonra hərracın keçirilməsinə başlanılıb. Hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan dövlət əmlaklarına, ümumilikdə 41 sifariş qəbul olunub. Hərracda nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub, hərrac şəffaf və rəqabətli keçib.