Naxçıvanda yeni fəaliyyət göstərən qızlar yataqxanasında hər cür şərait mövcuddur
Naxçıvan şəhərində bu ilin sentyabr ayından etibarən “Marka Metal Əritmə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müasir standartlara cavab verən qızlar yataqxanası tələbələrin ixtiyarına verilib.
“Marka Ladies Dormitory” adı ilə fəaliyyətə başlayan yataqxanada olduq, oranın şəraiti ilə yaxından maraqlandıq. Yataqxananın müdiri Firuzə Sadiqova bizi məlumatlandıraraq bildirdi ki, mansar ilə birlikdə 7 mərtəbədən ibarət yataqxananın birinci mərtəbəsində qeydiyyat bölməsi, inzibati otaq və kafe fəaliyyət göstərir. Yataqxana binası 182 nəfər tələbə üçün nəzərdə tutulub, hazırda 81 qız tələbə qeydiyyatdan keçib. Yataqxanada tələbələrin hər bir şəraitlə təmin olunması üçün bütün detallar nəzərə alınıb. Ümumi sahəsi 3850 kvadratmetr olan yataxanada yataq və yataq dəsti, yazı masası və stulu, şəxsi əşyaların yığılması üçün dolab, televizor və internet, mərkəzləşdirilmiş istilik sistemi, kondisioner, tələbə yeməkxanası, otaqlarda hamam və sanitar qovşağı, tibb otağı, 3 ədəd lift, camaşırxana yerləşir. Otaqlar 2 və 3 nəfərlikdir. Yataqxanada yerli və xarici tələbələr qalır. Yataqxanada 7 ədəd 4 nəfərlik, 20 ədəd 3 nəfərlik, 47 ədəd 2 nəfərlik olmaqla ümumilikdə 74 otaq vardır. Yataqxanaya giriş və çıxış kart sistemi vasitəsilə həyata keçirilir. Yataqxananın birinci mərtəbəsində ayrıca bölmədə “Osmanlı sofrası” restoranı fəaliyyət göstərir. Yataqxanada qalan tələbələr restoranın xidmətlərindən istifadə etdikdə onlara 10 faiz güzəşt olunur. Həmçinin istirahət üçün həyətyanı sahəsi olan yataqxanada havalandırma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Çinarə Balayeva qeyd etdi ki, Naxçıvanda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti əhalinin həyat səviyyəsinin yüksəlməsinə və yeni xidmət növlərinin fəaliyyət göstərməsinə şərait yaradır. Bu sahədə xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2 layihənin maliyyələşdirilməsinə 215 min manat vəsait ayrılıb. Yataqxananın yaradılması üçün 1 milyon manat vəsait sərf olunub ki, bunun 800 min manatı sahibkarın şəxsi vəsaiti, 200 min manatı isə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit vəsaitidir.