22 dekabr 2024,

Sahibkarların iştirakı ilə ilk dəfə olaraq infotur təşkil olunub

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə ilk dəfə olaraq infotur təşkil olunub. 
    İnfoturun təşkilində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərinin aparılmasıdır.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, iqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov və maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov iştirak ediblər.
    Sahibkarların iştirakı ilə təşkil olunan infoturun açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, Dövlət Proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflər müəyyənləşdirilib, həmçinin özəl təhsil və tibb müəssisələrinin yaradılması nəzərdə tutulub.
    Nazir müavini diqqətə çatdırıb ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin əksəriyyəti dövlət təhsil müəssisələridir və bu sahədə özəl təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. Digər bir sahə isə məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrimizdə 4 minə yaxın uşaq təlim-tərbiyə alır. Naxçıvan şəhərində, rayon mərkəzlərində və bir sıra əhalisi çox olan kəndlərimizdə məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. İş adamlarımız bu sahəyə investisiya yatıra bilərlər. Həmçinin sahibkarlar Naxçıvanda özəl peşə məktəblərinin yaradılmasında da fəallıq göstərə bilərlər. Bakı şəhərində təhsilin bütün pillələrində özəl təhsil müəssisələri uğurla fəaliyyət göstərir. Son dövrlər sahibkarlar paytaxtda özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılmasında da böyük maraq göstərirlər. Naxçıvanda bu sahə ilə bağlı fəaliyyət göstərmək istəyən iş adamları onların təcrübələrindən yararlana bilərlər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən özəl təhsil müəssisələri açmaq istəyən sahibkarlara hərtərəfli şərait yaradılacaq, onlara nazirlik tərəfindən metodiki dəstək göstəriləcək. Burada özəl təhsil müəssisələri yaradılarsa, bu müəssisələrdə fəaliyyət göstərəcək kifayət qədər yüksək biliyə, bacarığa malik pedaqoji kadrlar da var. 
    İqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov çıxışında bildirib ki, Dövlət Proqramının müvafiq prioritet istiqamətlərinə daxil olan muxtar respublikada əlverişli biznes mühitinin yaradılması və sosial sektorun inkişafı istiqamətləri üzrə özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılması nəzərdə tutulub. Muxtar respublikada hazırda 22 özəl təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i universitet, 21-i isə özəl təhsillə məşğul olan hazırlıq kurslarıdır. Muxtar respublikada özəl məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərən sahibkarlıq subyekti mövcud deyildir. Muxtar respublikada hazırlıq kursları kimi fəaliyyət göstərən vergiödəyicilərinin sayında ilin əvvəli ilə müqayisədə 3 dəfə artım baş verib. 
    Abbas İsmayılov qeyd edib ki, muxtar respublikada, ümumilikdə, 20 məktəbəqədər dövlət təhsil müəssisəsi olan bağça fəaliyyət göstərir. Bu bağçalarda 201 qrup üzrə, ümumilikdə, 3775 uşaq tərbiyə alır. Bağçalarda orta hesabla, ümumilikdə, 900-dan çox işçi çalışır. Bir bağçaya düşən işçi sayı orta hesabla 45 nəfər, bir bağçaya düşən uşaq sayı, təqribən, 220 nəfərdir. Muxtar respublikada məktəbəqədər təhsil müəssisəsi olan bağçaların çatışmazlığından, ümumilikdə, 18 171 uşaq (1-5 yaş aralığı) məktəbəqədər təhsil pilləsindən kənarda qalır. Məktəbəqədər təhsil pilləsindən kənarda qalanların 2345-i, yəni 13 faizi Naxçıvan şəhərinin, 15 826-sı, yəni 87 faizi isə rayonların payına düşür. Ümumilikdə, muxtar respublikada müvafiq yaş qrupu üzrə 21 946 uşaqdan yalnız 17 faizi (3775 uşaq) bağçaya gedə bilir. Beləliklə, muxtar respublikada məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır. Bütün bunlar bu sahənin perspektiv inkişafa nə qədər uyğun olduğunu göstərir. Həmçinin qeyd edilən sayda bağçanın muxtar respublikada tikilməsi və fəaliyyətə başlaması özlüyündə məşğulluğun təmin olunmasına böyük töhfələr verə bilər.
    Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov qeyd edib ki, ötən ilin bu ayında muxtar respublikada yeni idarəetmə formasının yaradılması Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, region iqtisadiyyatının daha da inkişafına, islahatların sürətlə və uğurla həyata keçirilməsinə şərait yaratmış, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə keçid təmin edilmişdir. Bu həmçinin muxtar respublikaya yerli və xarici investorların cəlb edilməsi prosesini aktivləşdirib. Bu il Naxçıvan Muxtar Respublikası üçün ən mühüm hadisələrdən birincisi cənab Prezidentin 2023-cü il 5 iyun tarixli Sərəncamına əsasən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsidir. Dövlət Proqramı çox əhatəli və geniş tərtib olunmaqla, ümumilikdə, 11 prioritet istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
    Vurğulanıb ki, Dövlət Proqramının mühüm prioritet istiqamətlərdən biri də özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılmasıdır. Müvafiq sahələr üzrə muxtar respublikada özəl sektorun yaradılması və inkişafı qarşıya qoyulan əsas məsələlərdəndir. Ölkə Prezidentinin uğurlu siyasətinin nəticəsi olaraq bu gün bütün bölgələr olduğu kimi, Naxçıvan da yüksək inkişaf mərhələsindədir. Bu da muxtar respublikada azad sahibkarlığın yaradılmasına şərait yaradır. Qeyd etmək istərdim ki, özəl təhsil müəssisələrinin fəaliyyəti üçün çox əlverişli mühit yaradılmışdır. Özəl təhsil müəssisələrinin yaradılması həm sahibkarlığın, iqtisadiyyatın inkişafına təsir edəcək, həm də büdcənin yükünü nisbətən azaldacaqdır. 
    Sonra sahibkarların fikir və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
    Tədbirdən sonra iş adamları Naxçıvan şəhərindəki təhsil müəssisələrində də olub.