22 dekabr 2024,

Sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 135 milyon manatdan çox investisiya yatırılıb, 700-dən çox daimi iş yeri yaradılıb.

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Qeydiyyata alınmış rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sözügedən rezidentlər tərəfindən sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsulların, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalı həyata keçiriləcək.

Eyni zamanda, 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 12 müəssisə fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan bu müəssisələr tərəfindən sənaye zonalarına 135 milyon manat investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Sözügedən müəssisələr polimer qatqıların, keramik plitələrin, qablaşdırma məhsulların, istilik izolyasiya lövhələrin, nəqliyyat vasitələri üçün əyləc bəndlərin və s. məhsulların istehsalı ilə məşğul olurlar.