19 sentyabr 2024,

Soyuducu anbarların yaradılması davam etdirilir

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə daxili bazarın qorunmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərini də qeyd etmək lazımdır. Soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.

Sahibkarlığın inkişafına göstərilən dəstək, verilən güzəştli kreditlər və şəxsi vəsaitlər hesabına bu gün muxtar respublikamızda soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 22880 tona çatdırılıb. Hazırda Naxçıvanda dövlət maliyyə dəstəyi ilə yaradılmış, bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 15550 ton olan ixtisaslaşdırılmış soyuducu anbar və sahibkarlıq subyektlərinin öz istehsal məhsullarının saxlanması üzrə tutumu 7330 ton olan digər təyinatlı ərzaq məhsulları üçün anbarlar mövcuddur. İstehsal potensialına uyğun olaraq muxtar respublikanın bütün regionlarını əhatə etməklə, ümumilikdə 52 soyuducu anbar fəaliyyət göstərir.

İqtisadiyyatın əsas prioritet sahələrindən hesab olunan aqrar sektorun inkişafı ilə bağlı cari ilin ötən dövrü ərzində soyuducu anbarların yaradılması istiqamətində 2 layihənin maliyyələşdirilməsinə 101 min manat vəsait ayrılıb. Ümumilikdə isə 2000-ci ildən 2023-cü ilin ötən dövrünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 6 milyon 305 min 860 manat dövlət maliyyə dəstəyi göstərilib. Fondun güzəştli kreditləri hesabına bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.

 

Naxçıvan Muxtar  Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti