26 oktyabr 2026,

Birləşmiş Krallıqda iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əlaqələrin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi, qeyri-neft-qaz, maliyyə və aviasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşüb.

Görüşdə Azərbaycan–Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlığa uyğun inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması barədə fikir mübadiləsi aparılıb. Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniya təcrübəsindən, texnologiyalarından və maliyyə resurslarından istifadənin əhəmiyyəti vurğulanıb.

London Fond Birjasının (“London Stock Exchange”) baş icraçı direktoru Deym Hoget ilə görüşdə kapital bazarları sahəsində əməkdaşlıq, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi və kapital bazarları arasında əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində “Hinduja Group”, “Gulf Oil International Limited”, “Air Asia” və “JPMorgan Chase” şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirilib. Görüşlərdə investisiya, enerji, sənaye və aviasiya sahələrində əməkdaşlıq, ticarətin və infrastruktur layihələrinin maliyyələşdirilməsi, Azərbaycan şirkətlərinin beynəlxalq maliyyə resurslarına çıxışının genişləndirilməsi imkanları müzakirə olunub.