06 sentyabr 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında

 

İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılıb, ümumi inkişafa xidmət edən qurumlar yaradılıb. Ulu öndər Heydər Əliyevin 2001-ci il 30 aprel tarixli Fərmanına əsasən Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti, Sahibkarlığa Kömək Komitəsi və Xarici İnvestisiyalar Agentliyi ləğv edilib, onların bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yaradılıb.

Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyi, Ticarət Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ləğv edilərək onların bazasında İqtisadi İnkişaf Nazirliyi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 10 aprel tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 19 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilərək vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 14 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq olunub.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin 02 may 2023-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin 29 dekabr 2023-cü il tarixli  Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və tabeli xidmətlərin strukturu, əsasnaməsi və işçilərinin say həddi müəyyən edilib, İqtisadiyyat Nazirliyi 01 mart 2024-cü il tarixindən yeni strukturla fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinin 14 mart 2026-cı il tarixli  Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğv edilib.

İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, iqtisadiyyatın struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, xarici ticarət əlaqələri, sosial-iqtisadi inkişafı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.