Dayanıqlı İnkişaf Məqsədləri üzrə növbəti tədbir “ASAN xidmət” mərkəzində keçirilib
“Birgə DİM Lokallaşdırılması Təşəbbüsü” çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş növbəti tədbir mayın 8-də Naxçıvan “ASAN xidmət” mərkəzində təşkil olunub.
Tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi barədə məlumatlılığın artırılması olub.
Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliklərinin əməkdaşları, muxtar respublikanın digər dövlət və özəl sektorlarının nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov tədbirdə çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə tətbiqinin əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıblar. Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinin sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb, dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Bildirilib ki, DİM-lərin lokallaşdırılması regionların potensialından daha səmərəli istifadə edilməsinə, inklüziv inkişafın təmin olunmasına və əhalinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi, sahibkarlığın təşviqi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən regionların sosial-iqtisadi inkişafı, DİM-lərin lokallaşdırılmasının məqsədi, prinsipləri və faydalarına dair təqdimatlar keçirilib, beynəlxalq təcrübə əsasında yerli səviyyədə tətbiq mexanizmləri müzakirə olunub.




