Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici seminar keçirilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirici seminar keçirilib.
Məqsəd dəm qazı, yanğın və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin təmin edilməsidir.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Anar Əhmədov bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, əməkdaşların yarana biləcək fövqəladə hallara hazırlıqlı olması, belə vəziyyətlərdə düzgün və çevik davranış qaydalarına dair zəruri bilik və vərdişlərə yiyələnməsi xüsusi əhəmiyyət daşıyır.
Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəm qazı və yanğın ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, həmçinin maarifləndirici videoçarxlar nümayiş olunub.
Sonda təlimçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



