“İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində tədbir keçirilib
İyunun 11-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikasında elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarının təşviqi, vətəndaş məmnunluğunun artırılması və hüquqi maarifləndirmə məqsədilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini Müslüm Cabbarzadə “İnsan Hüquqları Aylığı”nın əhəmiyyətindən bəhs edərək, bu təşəbbüsün cəmiyyətdə hüquq mədəniyyətinin inkişafına və insan hüquqlarının daha geniş şəkildə təbliğinə xidmət etdiyini bildirib. O qeyd edib ki, insan və vətəndaş hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir.
Nazir müavini həmçinin vurğulayıb ki, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması və keyfiyyətli xidmət prinsiplərinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər vətəndaş–dövlət münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Daha sonra Sahibkarlığın inkişafı və tənzimlənməsi şöbəsinin müdiri Aqibət Əliyev sahibkarlıq hüquqlarının müdafiəsi, biznes mühitinin yaxşılaşdırılması və dövlət tərəfindən yaradılan hüquqi mexanizmlər barədə məlumat verib.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nihad Əsədli isə vətəndaş müraciətlərinə baxılmasında şəffaflıq, operativlik və qanunvericiliyə uyğunluğun təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonda insan hüquqlarının təbliğinə həsr olunmuş videoçarx nümayiş etdirilib.





