13 oktyabr 2026,

İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ləzzət Qida Sənaye” MMC-nin müəssisələrinin fəaliyyətinə baxış keçirib

Yerli istehsal müəssisələrinə yerində baxış keçirmək, müəssisəinin fəaliyyəti, istehsal imkanları və sahibkarlıq fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərin dinlənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Ləzzət Qida Sənaye” MMC, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC, “LG Konserv” MMC və “Naxplastik” MMC-də olub.

Baxış zamanı müəssisələrdə kənd təsərrüfatı məhsullarının emalı, qovrulması və paketlənməsi, qənd, vafli, peçenye və kurabiyə, meyvə şirəsi və kompot, plastik kapsul və qapaqlar, eləcə də kağız məhsullarının istehsalı sahələri barədə məlumat verilib. Həmçinin süfrə salfetkası, mətbəx salfeti və tualet kağızı istehsalı istiqamətində görülən işlər diqqətə çatdırılıb. Müəssisələrin istehsal imkanları, məhsul çeşidinin genişləndirilməsi və gələcək inkişaf planları müzakirə olunub.

Görüşdə yerli istehsalın stimullaşdırılması, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, satış bazarlarının genişləndirilməsi və istehsal potensialından səmərəli istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Kazım Hüseynəliyev dövlət başçısı tərəfindən ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini, sahibkarlara müxtəlif dəstək mexanizmləri vasitəsilə müvafiq köməkliyin təmin olunduğunu bildirib. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və yerli istehsalın inkişafına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir şirkətlər qrupuna gələcək fəaliyyətində uğurlar arzulayıb.