14 sentyabr 2026,

İqtisadiyyat naziri Kazım Hüseynəliyev “Prestij-Naxçıvan Pivəsi” MMC və “Güvən Qida” MMC-nin fəaliyyəti ilə tanış olub

Naxçıvanda yerli istehsalın inkişafı, məhsul çeşidinin genişləndirilməsi və müəssisələrin istehsal imkanlarının artırılması istiqamətində görülən işlər diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi “Prestij-Naxçıvan Pivəsi” MMC və “Güvən Qida” MMC-nin fəaliyyəti ilə tanış olub.

Əvvəlcə “Prestij-Naxçıvan Pivəsi” MMC-də müəssisənin fəaliyyəti, istehsal prosesi və məhsulların bazarda mövqeyi barədə məlumat təqdim olunub. Müəssisənin istehsal imkanlarının genişləndirilməsi, məhsul çeşidinin artırılması və satış imkanlarının daha da yaxşılaşdırılması ilə bağlı planlar müzakirə edilib.

Daha sonra “Güvən Qida” MMC-də müəssisənin istehsal fəaliyyəti, məhsul çeşidi, istehsal gücü və gələcək inkişaf planları barədə məlumat verilib. Bildirilib ki, müəssisədə müxtəlif növ qida məhsullarının istehsalı həyata keçirilir. İstehsal prosesləri ilə tanışlıq zamanı məhsulların keyfiyyət göstəriciləri, istehsalın genişləndirilməsi imkanları və satış coğrafiyasının artırılması məsələləri diqqətə çatdırılıb.

Müəssisələrin rəhbərləri ilə keçirilən görüşlərdə yerli istehsalın stimullaşdırılması, istehsal müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi və bazar imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Kazım Hüseynəliyev dövlət başçısı tərəfindən ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini, ötən dövrdə iş adamlarına müxtəlif dəstək alətləri vasitəsilə müvafiq köməkliyin təmin edildiyini, sahibkarlıq fəaliyyətinin genişlənməsinə yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib və müəssisələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.