İqtisadiyyat Nazirliyində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə görüş keçirilib
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva və qadın sahibkarlarla görüşüb.
Görüşdə Səkinə Babayeva müasir dövrdə qadın sahibkarlığının inkişafının əhəmiyyəti, Assosiasiyanın fəaliyyəti, təsis olunması məqsədləri, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev dövlət başçısı tərəfindən ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini, ötən dövrdə iş adamlarına müxtəlif dəstək alətləri vasitəsilə müvafiq köməkliyin təmin edildiyini, sahibkarlıq fəaliyyətinin genişlənməsinə yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Nazir qadın sahibkarlığının inkişafının iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin yaradılması və yerli iqtisadi potensialdan daha səmərəli istifadə baxımından əhəmiyyətini vurğulayıb, qadın sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi, onların maliyyə və digər dövlət dəstəyi mexanizmlərindən yararlanması üçün yaradılmış imkanlar barədə məlumat verib.
Görüşdə qadın sahibkarlığının təşviqi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.





