23 aprel 2026,

İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev: Sabitliyin və İrəliləyişin Memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti və əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində oynadığı əvəzsiz rolunu xüsusi vurğulayıb. Nazir qeyd edib ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi, strateji düşüncəsi və ölkənin iqtisadi-mədəni inkişafını öncədən planlama qabiliyyəti Azərbaycan üçün uzunmüddətli sabitliyin təməlini qoyub. Onun həyata keçirdiyi mühüm islahatlar və qəbul etdiyi strateji qərarlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaq nöqtəsi olaraq çıxış edir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Heydər Əliyevin milli dövlət quruculuğundakı tarixi xidmətlərini qeyd edib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.