İqtisadiyyat Nazirliyində YAP-ın VIII Qurultayının yekunları müzakirə edilib
Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının yekunlarına və partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qurultaydakı nitqinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Səhhət Abbasov YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş prioritetlərin ölkənin, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında mühüm rolunu vurğulayıb. Sahibkarlığın inkişafının dəstəklənməsi, investisiya cəlbediciliyinin artırılması, yerli istehsalın genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsinin əsas hədəflər olduğu qeyd edilib. Həmçinin dövlət proqramlarının səmərəli icrasının, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı Musa Həsənli çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi-siyasi şəraitindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf yolundan və Partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı fəaliyyətindən danışıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışının əsas istiqamətləri, müəyyən edilmiş prioritetlər və onlardan irəli gələn vəzifələr barədə məlumat verib.
Müzakirələrdə Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması və təşkilatdaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.