24 iyul 2026,

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Marsol Group” partnyorları ilə görüş keçirilib

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes mühiti və dövlət dəstəyi sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Nazir vurğulayıb ki, 1 yanvar 2026-cı il tarixindən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri dövlət başçısının regiona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 iyun 2026-cı il tarixdə "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək olan Fərmanın əsas məqsədi ölkədə istehsal olunan malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikası mənşəli məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanlarını daha da yaxşılaşdırmaqdır. Nazir, sahibkarları muxtar respublikanın mövcud iqtisadi potensialından və yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, investisiya layihələrini reallaşdırmağa və dövlət-özəl sektor əməkdaşlığının inkişafına töhfə verməyə çağırıb.

“Marsol Group”un təsisçisi Tural Mustafayev bildirib ki, sahibkarlar arasında güclü əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanlarının araşdırılması və investisiya qoyuluşunun artırılması muxtar respublikada iqtisadi fəallığın güclənməsinə mühüm töhfə verəcəkdir.

Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən “Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri”, eləcə də “Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri” mövzularında təqdimatlar edilib.

Sonda şirkət nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumat verib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.