08 iyun 2026,

Naxçıvan şirkətləri “Xəzər Tikinti Həftəsi”ndə məhsullarını nümayiş etdirir

Oktyabrın 14-də Bakı Ekspo Mərkəzində regionun ən iri sənaye tədbirlərindən biri olan “Xəzər Tikinti Həftəsi” öz işinə başlayıb. İnşaat sektorunda nüfuzlu beynəlxalq platforma hesab olunan bu tədbir çərçivəsində “BakuBuild”, “Rebuild Karabakh”, “Aquatherm Baku”, “Plastex Caspian” və “Road&Traffic” sərgiləri keçirilir. Bu ilki sərgilərdə 17 ölkədən 299 şirkət iştirak edir.

AZPROMO və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşəbbüsü ilə muxtar respublikada fəaliyyət göstərən 4 istehsalçı şirkətin   “Rebuild Karabakh”  sərgisində iştirakı təmin olunub.

Bu şirkətlərdən “Cahan Sənaye Kompleksi” MMC və “Azelektrod” MMC AZPROMO-nun vahid stendində yer alıb. “Reges Tikinti Materialları” MMC və “Arkoz” Holding isə sərgidə fərdi stendlərlə çıxış edir.

Nümayiş olunan məhsullar sırasında PVC qapı və pəncərə profilləri, PPR borular və fitinqlər, panel radiatorlar, travertin və daş məmulatı, mebel, sement, əhəng, gips, alçipan profilləri, sement əsaslı yapışdırıcılar, su və istilik sistemləri boruları, elektrodlar və digər inşaat materialları yer alır. Ümumilikdə Naxçıvan istehsalçıları tərəfindən 20-dən çox məhsul təqdim olunur.