18 sentyabr 2026,

Qadın sahibkarlığının inkişafına həsr olunan “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Naxçıvan Muxtar Respublikası üzrə regional koordinatorluğunun və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə “Qadın Sahibkarlar Forumu – Naxçıvan 2026” keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, Heydər Əliyev Muzeyi ziyarət olunub, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə əvvəlcə qonaqlar muxtar respublikadan olan istedadlı qadınların əl işləri və sahibkarların istehsal etdikləri məhsulların təqdim olunduğu sərgi-satışla tanış olublar. Sərgi-satış qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra forumun rəsmi hissəsinə başlanılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi hissədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin idarə heyətinin sədri Səkinə Babayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov çıxışlar ediblər.

Forum çərçivəsində komitə sədri Ramilə Seyidova, iqtisadiyyat naziri Kazım Hüseynəliyev, assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva və Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov tərəfindən sahibkarlığın inkişafına verdikləri töhfəyə və səmərəli fəaliyyətlərinə görə qadın sahibkarlara plaketlər təqdim olunub.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən forumun təşkilatçılığında tərəfdaş qismində verdikləri dəstəyə görə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.

Forum “Qadın sahibkarlığının inkişafında dövlət dəstəyi və yeni imkanlar” və “İnnovasiya və dayanıqlı inkişaf: Aqrobiznes və rəqəmsal sahibkarlıqda gənclərin rolu” mövzularında panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində verilən suallar iştirakçı qurumların nümayəndələri və sahibkarlar tərəfindən tərəfindən cavablandırılıb.